Kənd namusu

Ş. 13.04.2019 19:00

"Kənd namusu" (1 pərdəli opera)

Yaş həddi: 6+

Kompozitor: Pyetro Maskanyi

Libretto müəllifi: Q.Tarconi-Tosetti,Q.Menaşi

Janr: Klassik opera

Dil: İtalyan

Tamaşanın müddəti: 1 saat 20 dəqiqə

 

Tamaşanın dirijoru: Yalçın Adıgözalov

Quruluşçu rejissor: Lüdviq Bauman

                                Operanın qısa məzmunu

Zaman: 1880-ci ilin bazar günü səhəri

Kəndlilər kənd meydanından keçərək kilsəyə gedirlər. Santutsa da onların içərisindədir. O nişanlısının anası qoca Lüçiyanın yanına tələsir. Santutsa ümidsizlik içərisindədir, çünki Turidduda yenidən o hərbi xidmətdə ikən dövlətli Alfio ilə evlənən əvvəlki sevgilisi işvəkar Lolaya qarşı məhəbbət oyanmışdır. Lüçiyanın Santutsanı sakitləşdirmək üçün göstərdiyi bütün cəhdlər əbəsdir - Santutsanı qısqanclıq əzabları üzür.

Turiddu meydanda görünür. Santutsa Turidduya yalvararaq onu tərk etməməsini xahiş edir. Lakin Santutsanın sözləri Turidduya təsir etmir. O qızı kobud şəkildə itələyərək kilsəyə yollanan Lolanın ardınca gedir.

Heç nədən şübhələnməyən Alfio uzaq səfərdən kəndə qayıdır. Qəm-qüssədən başını itirmiş Santutsa arvadının ona xəyanət etdiyini Alfioya bildirir. Tezlikdə söylədiklərindən peşman olur, lakin artıq gecdir. Təhqir olunmuş Alfio ailəsinin şərəfinə ləkə vuran Turiddudan amansız qisas almaq qərarma gəlir. Kilsədə ibadət başa çatandan sonra kənd sakinləri meyxanaya toplaşırlar.

Şən bayram Alfionun gəlişi ilə pozulur. Alfio Turiddunun ona uzatdığı şərab qədəhini geri itələyir. Turiddu Alfionun onun Lola ilə olan gizli əlaqəsindən xəbərdar olduğunu başa düşür. Rəqiblə münaqişə labüddür.

Turiddu keçmiş qaydalara uyğun olaraq Alfionu qucaqlayır və sağ qulağını dişləməklə onu döyüşə çağırır. Qərar qəbul edilmişdir, rəqiblər kəndin kənarında görüşəcəklər. Turiddu anası ilə vidalaşır. Gec də olsa Santutsanın sədaqətinə qarşı vicdan əzabı ona rahatlıq vermir. O anasından Santutsanın qayğısını çəkməyi xahiş edir. Qəlbində kədərli hisslər oyanan Turiddu gedir. Lüçiya ilə Santutsa qorxudan bir-birinə sıxılırlar. Kəndli qadınlar Turiddunun ölüm xəbərini gətirirlər. Lüçiya və Santutsa huşsuz vəziyyətdə qadınların qolları arasına düşürlər.

Faydalı məlumat
Yaş həddi:
6+ yaşdan