İntizar

Tədbir haqqında

"İntizar" (2 pərdəli opera)

Yaş həddi: 6+

Kompozitor: Firəngiz Əlizadə

Libretto müəllifi: Nərgiz Paşayeva

Janr: Müasir opera

Dil: Azərbaycan

Tamaşanın müddəti: 3 saat

 

Tamaşanın dirijoru: Eyyub Quliyev (əməkdar artist)

Quruluşçu rejissor: Hafiz Quliyev (əməkdar incəsənət xadimi)

                                        Rollar və İfaçılar:

Səyid – Əkrəm Poladov, Əsli – Qərinə Kərimova, Yad adam – İlham Nəzərov, Mələk – İnarə Babayeva, Arif – Fərid Əliyev, İtkin – Fəhmin Əhmədli, İki gəlin – Səbinə Vahabzadə,Fəridə Məmmədov, Yaralı kəndli – Tural Ağasiyev.

                              OPERANIN QISA MƏZMUNU

I pərdə

Birinci şəkil

Dağların qoynunda kiçik bir kəndin valehedici mənzərəsi. Qürub çağıdır.

Seyid kişi ilə Əsli xanımın ailəsində xoşbəxt hadisə gözlənilir. Onların qızı Mələyin nişan günüdür. Sabahkı toya hazırlıq gedir. Kəndin qız-gəlinləri toplaşaraq Mələyi təbrik edirlər.

Toya hamıdan çox sevinən isə Mələyin balaca qardaşıdır.

Günəş batır. Seyid kişi dağlardan evinə qayıdır.

Ailə üzvləri onu qarşılayır.

Mələk bağçaya enir və onu burada gözləyən Ariflə görüşür. Gənclər xoş arzularını bir-biri ilə paylaşır və səbirsizliklə sabahkı toyu gözləyirlər. 

Dərviş səadət quşu kimi onların ətrafında uçuşur.

İkinci şəkil

Gecədir. Şimçək çaxır. Şiddətli leysan yağır. Gecənin qaranlığında səhnə qorxunc məxluqlarla dolur. Onlar ilan kimi yerdə sürünürlər. Qara qüvvələrə başçılıq edən Yad adam Seyid kişinin qapısını döyərək xəstə qoca görkəmində kömək istəyir. Əsli və Mələk buna etiraz edirlər. Lakin Seyid kişi qonaqpərvərlik göstərərək Yad adamı həyətinə buraxır.

Qara qüvvələr ilk, amma çox mühüm qələbə münasibətilə sevinirlər və Seyid kişinin evini dörd bir yandan əhatə edirlər.

Üçünçü şəkil

Sübh çağıdır. Seyid kişi ulu Tanrıya dua edir. Sonra qonağa öz ailəsini təqdim edir və vidalaşaraq dağlara gedir. Yad adam öz gizli niyyətlərinə çatmaq haqqında düşünür.

Əsli və balaca oğlu Yad adama göz qoyaraq ondan gələn təhlükəni hiss edir və bu hiss onlara rahatlıq vermir.

Yad adam riyakarlıqla qonaqpərvərliyə görə minnətdarlığını bildirir.

Mələk öz aləmindədir. O rəfiqələri ilə vidalaşmaq üçün anasından bulaq başına getməyə icazə istəyir. Ürəyində Ariflə bir də görüşəcəyinə ümid edir.

Əsli uşaqları yola salaraq tək qalır. O çox narahatdır. Balalarının hər bədbəxtlikdən qorunması üçün dua edir.

Dördünçü şəkil

Bulaq başıdır.

İki gəlin kənddə toy olacağı barədə söhbət edir. Onlar Mələyin gözəlliyindən və Ariflə Mələyin bir-birinə məhəbbətindən söhbət açırlar.

Mələk daxil olur. Onun gözləri Arifi axtarır. Bu zaman bulaq başına Seyid kişi ilə Əslinin oğulluğu İtkin gəlir. İtkin də Mələyi sevir, lakin məhəbbətini büruzə verməkdən çəkinir. O Mələyi bulaq başında görüb hirslənir və dərhal Mələyin evə qayıtmasını tələb edir.

Bu anda kəndə Yaralı kəndli gəlir. O kəndindən bura pənah gətirib. Kəndlərində baş verən dəhşətli hadisələr haqqında, quldurların onların ev-eşiklərini talan etdikləri və kəndə od vurduqları haqda danışır.

Kənd əhalisi çaşqınlıq içərisindədir. Onlar nə baş verdiyini hələ dərk etmirlər.

II pərdə

Birinci şəkil

Dağlardan qayıdan Arif öz yerlərindən didərgin salınmış soydaşları ilə qarşılaşır və bu qaçqın-köçkün dəstəsinin başında kəndə daxil olur. Arif belə dəhşətli hadisələrin onun toy günündə baş verdiyindən kədərlənir.

Qaçqınlar yardım üçün Arifə müraciət edirlər. Arif düşmənlərə qarşı döyüşə hazırlaşır.

Səhnəyə daxil olan İtkin Arifə qaçmağı təklif edir.

Arif İtkinin dediklərindən qəzəblənir. Səhnəyə öldürülən kəndliləri gətirirlər. Onların arasında Seyid kişinin də meyiti var.

Arif özünü önə ataraq həmyerlilərini qorumaq istəyir. Lakin atılan güllə Arifin düz ürəyinə dəyir. Onun ölümü insanlar arasında böyük sarsıntı yaradır.

Səhnəyə Yad adamın başçılıq etdiyi quldurlar daxil olurlar.

İtkin onlara yalvararaq mərhəmət diləyir. Lakin quldurlar amansızdır. Onlar Seyid kişinin ailəsinin, xüsusilə gözəl Mələyin harada olduğunu soruşurlar. İtkin onların qaçdığını xəbər verir.

Arzusunun puça çıxdığını anlayan Yad adam hiddətlənərək, İtkini öldürür. İtkin dünyasını dəyişəndən sonra Yad adam onun sinəsindəki medalyonu görür. Bu medalyodan onun öz boynunda da var. O, dəhşət içində başa düşür ki, uzun illər öncə dağlarda tərk etdiyi öz doğma oğlunu öldürüb.

İkinci şəkil

Əsli öz balaları ilə dağlarla buz bağlamış yollardan keçərək, xilas olmağa çalışır. Başlanan çovğun onları bir-birindən ayrı salır.

Mələk artıq yerimək iqtidarında deyil. O donaraq ölür.

Əsli təşviş içində öz balasını axtarır. Onun balaca oğlu donub qalmış bacısını tapır və anasını onun yanına gətirir. Əslinin kədəri sonsuzdur.

Donmuş balasının cəsədi üzərində Əsli laylaya bənzər ağı deyir. Dərviş kədərli rəqsi ilə Mələyin meyitini ağ gəlinlik örpəyinə bürüyür. O, ölülər arasından Arifi çıxardaraq Mələyin yanına gətirir və sevgililəri göylərdə bir-birinə qovuşdurur.

Üçüncü şəkil

Gözəl diyar dəhşətli yanğınlar və talanlar içərisindədir. Əsli yeganə ümid yeri olan kiçik oğlunu xilas etməyə çalışır. Onların yolunu sıldırımlı qayalar, dəhşətli uçurumlar, nəhəng alovlar kəsir.

Amma bir möcüzə nəticəsində Əsli özü məhv olsa da, övladı bütün fəlakətlə ri dəf edə bilir.

Bu uşağı Tanrı özü qoruyur və onun sağ qalması böyük rəmzi məna daşıyır. Heç bir qara qüvvə xalqın ümidini məhv edə bilməz! Hamı xilaskarı gözləyir, hamı əllərini göyə uzadır.

Və birdən səmada Ağ atlı oğlan peyda olur. Bu – xalqın ümidi, onun xilaskarıdır!

Yaş məhdudiyyəti / Dil

6+
İntizar İntizar