Rauf Abdullayev & Culia Zilberkvit

Tədbir haqqında

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə cari il martın 15-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti Rauf Abdullayevin rəhbərliyi və Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə konsert keçiriləcəkdir. Konsertdə amerikalı pianoçu, Beynəlxalq müsabiqələr laureatı Culiya Zilberkvit iştirak edəcəkdir.
Culiya Zilberkvit 1971-ci ildə Moskvada musiqiçi ailəsində doğulmuşdur. O, Qnesinlər adına Moskva orta-ixtisas musiqi məktəbini bitirdikdən sonra Nyu-Yorka köçərək “Julliard School”da görkəmli pianoçu Bella Davidoviçin sinfində təhsilini davam etdirmişdir.
1994-cü ildə Vyanada keçirilən Beynəlxalq Müsabiqədə laureat adını qazanan gənc pianoçu aktiv qastrol-konsert fəaliyyətinə başlamışdır.
Culiya Zilberkvit dünyanın çox sayda tanınmış orkestrlərinin dəvətli pianoçusudur. Bu kollektivlər arasında Kanadanın “I Musici de Montreal”, Londonun “New European Strings”, “Moskva solistləri”, “Moskva virtuozları”, Vyana Kamera Orkestrləri, Alman Simfonik Orkestri, Qahirə Simfonik Orkestri, Bruklin Filarmonik Orkestri də vardır.
Gecədə V.A.Motsartın 38 nömrəli Simfoniyası (“Praqa”, D-dur, K 504) və R.Şumanın fortepiano və orkestr üçün konserti (a-moll, op. 54) səslənəcəkdir.
1. Adagio - Allegro
2. Andante
3. Finale. Presto

Dahi bəstəkar Volfqanq Amadey Motsart (1756-1791) 1787-ci ildə Praqada keçirilən müəllif konserti üçün 3 hissəli simfoniya yazır. Əsər tarixdə Praqa simfoniyası adı ilə əbədiləşir. Bu simfoniyanı yazarkən Motsarta artıq yeni opera yazmaq sifariş olunmuşdur və o, “Don Juan” üzərində işləməyə başlamışdı. Məhz buna görə də musiqi dramaturgiyası baxımından Praqa simfoniyasında “Don Juan” operasına yaxın intonasiyalar hiss olunur. Lakin əsər özünün tamlığı və yetkinliyi ilə sanki bəstəkarın son üç simfoniyasını birləşdirir. Lakin
Robert Şumanın (1810-1856) (a-moll, op. 54) 1845-ci ildə yazdığı fortepiano və orkestr üçün konserti romantizm dövrünün bu janrda yazılmış ən məşhur əsərlərindən biridir. Üç hissədən ibarət olan konsertin II və III hissələri fasiləsiz ifa olunur.
Allegro affettuoso
Intermezzo: Andantino grazioso
Allegro vivace
Əvvəllər Şuman bir neçə konsert üzərində işləmiş, 1828-ci ildə Es-dur, 1829-1831-ci illərdə F-dur, 1839-cu ildə isə d-moll konsertinin birinci hissəsini yazır. Lakin bu əsərlərdən heç biri tamamlanmamışdır.
    R.Şuman 1841-ci ildə fortepiano və orkestr üçün Fantaziya bəstələyir. Bəstəkarın həyat yoldaşı Klara Şuman əsəri çox bəyənərək onu fortepiano və orkestr üçün tamamlanmış konsert səviyyəsinə çatdırmağı təklif edir. Beləliklə, Şuman 1845-ci ildə Fantaziyaya intermezzo və final əlavə edərək dünya musiqiçilərinin repertuarını bəzəyən fortepiano konsertini ərsəyə gətirir.
    Dirijor Ferdinand Hillerə həsr olunmuş əsərin premyerası 1846-cı ildə Gevandhauzun Leypsiq orkestrinin müşayiəti ilə baş tutmuşdur. Şumanın bir çox əsərləri kimi, bu konsertin də ilk ifaçısı Klara Şuman olmuşdur.

Yaş məhdudiyyəti / Dil

6+
Rauf Abdullayev & Culia Zilberkvit Rauf Abdullayev & Culia Zilberkvit