Rauf Abdullayev & Elvin Hoca Qaniyev

Tədbir haqqında

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə cari il martın 7-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti Rauf Abdullayevin rəhbərliyi və Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə konsert keçiriləcəkdir. Konsertdə solist qismində gənc skripka ifaçısı, Beynəlxalq müsabiqələr laureatı, Əməkdar artist, Prezident təqaüdçüsü Elvin Hoca Qəniyev iştirak edəcəkdir.
Gecənin birinci hissəsində V.A.Motsartın skripka və orkestr üçün 4 nömrəli konserti və E.Şossonun skripka və orkestr üçün poeması, ikinci hissəsində isə P.İ.Çaykovskinin skripka və orkestr üçün konserti səslənəcəkdir.
Dahi bəstəkar Volfqanq Amadey Motsart (1756-1791) skripka və orkestr üçün 4 nömrəli (D-dur, K 218) konsertini 1775-ci ildə Zalsburqda ikən yazmışdır. Bəzi mənbələrdə bəstəkarın bu konserti özü üçün yazdığı qeyd olunur. Lakin Zalsburq Orkestrindən getdikdən sonra Motsart bu konserti öz davamçısı Antonio Brunetti üçün işləmişdir. Əsər üç hissədən ibarətdir:

    •    Allegro
    •    Andante cantabile (A dur)
    •    Rondeau (Andante grazioso – Allegro ma non troppo)


Fransız bəstəkarı və musiqi xadimi, Sezar Frank məktəbinin görkəmli nümayəndələrindən biri Ernest Şossonun (1855-1899) skripka və orkestr üçün poeması (Es-dur, op. 25) 1896-cı ildə onun dostu Ejen İzainin xahişi ilə yazılmışdır. Romantizm dövrünün bəstəkarları poetik proqramlı hər hansı bir əsər yazanda mütləq bu əsərlərə ad verirdilər. Lakin Şosson poemada bir qədər dəyişikliklərə yol vermişdir. Bu əsərə qədər artıq Şosson skripka, fortepiano və simli kvartet üçün konsertin müəllifi idi. Lakin o, orkestr ilə birgə konsert yazmaqdan imtina edirdi. Məşhur skripka ifaçısı İzainin xahişini nəzərə alaraq, bəstəkar bir qədər fərqli irihəcmli əsər yaratdı.
Yaracılıq nümunələri çox az olan Ernest Şossonun skripka və orkestr üçün poeması bütün dünyada məşhurluq qazanmışdır.

Pyotr İliç Çaykovskinin (1840-1893) skripka və orkestr üçün konserti 1878-ci ildə (D dur , op 35) yazılmışdır. Konsertin orkestrlə ilk premyerası 1881-ci ildə Vyanada baş tutmuşdur. Konsert Hans Rixterin dirijorluğu altında Adolf Brodski tərəfindən ifa olunmuşdur. Daha sonralar Adolf Brodski Çaykovskinin skripka və orkestr üçün konsertini həm Avropa, həm də Rusiyada dəfələrlə ifa etmişdir.
Bütün məşhur skripkaçıların repertuarını bəzəyən bu əsər üç hissədən ibarətdir:

Allegro moderato (D dur)
Canzonetta: Andante (g moll)
Finale: Allegro vivacissimo (D dur)
Bu əsər dünya musiqi xəzinəsinin incilərindən biri sayılır.

Yaş məhdudiyyəti / Dil

6+
Rauf Abdullayev & Elvin Hoca Qaniyev Rauf Abdullayev & Elvin Hoca Qaniyev