Batut Gimnastikası və Tamblinq üzrə FIG Dünya Kuboku, AGF Trophy 2019

Tədbir haqqında

Azərbaycan Gimnastika Federasiyası 2019-cu ilin 16-17 fevral tarixlərində Batut gimnastikası və tamblinq üzrə ilin ilk Dünya Kubokuna hazırlaşır.

Yarışlara qeydiyyat siyahısına əsasən Kubokda 31 ölkənin 300-ə yaxın gimnastının mübarizə aparacağı gözlənilir. Qeyd edək ki, 2019 və 2020-ci illərdə Tokio Olimpiya Oyunlarına batut gimnastikası üzrə təsnifat xarakterli 8 Dünya Kuboku keçiriləcək. Paytaxtımız isə bu kuboklardan ikisinə (2019, 2020) ev sahibliyi edəcək.

Xatırladaq ki, ötən il Bakıda 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə Avropa çempionatı, daha öncəki illərdə isə Dünya Kubokları (2016-cı il 17 ölkə, 2017-ci il 15 ölkə) keçirilmişdir. Bu il baş tutacaq yarışa  marağın səbəbi isə kubokun təsnifat xarakterli olmasından irəli gəldiyini demək olar.

Bu Kubokda iştirak edəcək gimnastların adları da artıq açıqlanıb. Belə ki, Tokio Olimpiyadasına təsnifat xarakteri daşıyan və batutçular üçün ilin ən vacib startlarından biri olan bu Dünya Kubokunda Qonçarov Vladislav, Maklennan Rosannah, Burinet Ceyson, Donq Donq, Gao Ley, Uşakov Dmitriy və Peyc Brioni kimi olimpiya ulduzları mübarizə aparacaq. Bakı tamaşaçısı isə ilk dəfə olaraq, Milli Gimnastika Arenasında bu qədər sayda olimpiya mükafatçılarının möhtəşəm çıxışlarını canlı izləyə biləcəklər.  

Ölkəmizi isə  batut yarışlarında qadınlar arasında fərdi proqramda son Avropa Çempionatının gümüş medalçısı Veronika Zemlyanaya, kişilər arasında sinxron və fərdi proqramlarda Ruslan Ağamirov, İlya Qrişunin, Oleq Piunov və tamblinq cığırında Avropa Çempionumuz (2018-ci il) Mixail Malkin təmsil edəcəklər.

İki gün davam edəcək yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri baş tutacaq.

Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

Yaş məhdudiyyəti / Dil

0+
Batut Gimnastikası və Tamblinq üzrə FIG Dünya Kuboku, AGF Trophy 2019 Batut Gimnastikası və Tamblinq üzrə FIG Dünya Kuboku, AGF Trophy 2019