ANAR “DANTENİN YUBİLEYİ” annotasiya
Feyzulla Kəbirlinski öz faciəsini dərk eləyə-eləyə, bu faciəni bir ağrı kimi daşıyaraq yaşayır. Nə sənətdə, nə də ailədə yeri olmayan bir insan faciəsi... Gücsüz, əlacsız, amma saf və xoş bir insan faciəsi. Teatrda, sənətdə istedadsız və faydasız olsa belə, Kəbirlinski insandır. Yaşamaq istəyən kiçik insan. Kəbirlinski cəmiyyətin dəyişə bilmədiyi, qəlibə sala bilmədiyi insandır. Və ən əsası kütlənin gülmək istədiyi qəhrəmandır. Çünki Kəbirlinski istedadsız, lakin sənəti, səhnəni böyük məhəbbətlə sevən bir aktyor obrazıdır. Sadəlövh, təmiz və "bu dünyanın adamı olmayan" Kəbirlinski hər dəfə özünü təsdiq etməyə vadar olan, əvəzində daha da acınacaqlı, bizim üçün isə gülməli vəziyyətə düşən yaşlı insandır. Tamaşa bu kiçik, istedadsız aktyor-insanın faciəsindən, "gülməli" aqibətindən bəhs edir.
Tamaşada biz qəhrəmanın nəyin bahasına olursa olsun, çətinlikləri necə dəf etdiyini və bu peşədə qalmaq mütləqliyini necə əldə edə bilməyəcəyinin şahidi olacağıq.