Bakı Musiqi Akademiyası

Bakı Musiqi Akademiyası

1922-ci ildə yaradılıb. BMA-nın tərkibindəki Musiqi Kolleci, (keçmiş A. Zeynallı adına Bakı Musiqi texnikumu) respublikada ən qədim musiqi təhsil ocağı, sonrakı inkişaf mərhələlərində isə bu təhsil bazası əsasında müxtəlif musiqi təhsili verən texnikum və ali məktəblər yaradılmışdır. Bu gün biz qürurla qeyd edə bilərik ki, BMA-nın tarixi ənənələri, məhz bu musiqi kollecinin bazası əsasında formalaşmışdır. BMA-nın hal-hazırda yerləşdiyi binanın (M. İbrahimov küçəsi 8) özülü 1885-ci ildə qoyulsa da, ilk musiqi təhsil ocağı kimi 1895-cı ildən fəaliyyətə başlamışdır. Musiqi məktəbinin əsasını Moskva konservatoriyasının yetirməsi Antonina Nikolayevna Yermolayeva qoymuşdur. 1906-cı il 6 dekabr tarixli 3036 saylı "YRMO"-nun sənədlərində göstərilir ki, A. N. Yermolayevanın təşkil etdiyi özəl musiqi texnikumu 1901-ci ildən "YRMO"nun nəzdində "Bakı Musiqi Sinifləri " adlandırılmışdır. 1915-1916-cı ildə Bakı Musiqi Siniflərinə rəhbərlik etmək üçün Odessa Konservatoriyasının pianoçusu Y.A.Rijinskiy dəvət edilir. O, musiqi siniflərini 24 iyun 1916-cı il tarixli əmri ilə Musiqi texnikumuna çevrilir. Azərbaycan musiqi mədəniyyətinin inkişafında əlamətdar hadisə 1920-ci ilin may ayında olmuşdur. Bu tarixdə Musiqi texnikumunun bazasında YRMO-nun Bakı şöbəsinin Xalq Konservatoriyası yaradılır və az keçmədən, yəni oktyabr ayında Azərbaycan Dövlət Konservatoriyası adlandırılır.