
CƏNGİ 30

CƏNGİ 30
Tədbir haqqında
“Cəngi” estrada folklor ansamblı 1992-ci ildə musiqiçi və bəstəkar Xalq artisti ustad sənətkar Rafiq Babayev tərəfindən yaradılmışdır. Ansamblın yaradılmasında məqsəd, fərqli janr və stilləri birləşdirərək müxtəlif yönümlü musiqiçiləri-xalq çalğı, klassik, caz və estrada musiqisi ifaçılarını bir yerdə cəmləşdirməkdir, eyni zamanda bu rəqs qrupuna da aiddir. Qeyd edək ki, rəqs qrupuna baletmeyster Qəhrəman Nəsirov başçılıq edirdi. 1994-cü ildə erməni terrorunun qurbanı olmuş Rafiq Babayevin vaxtsız ölümü bütün mədəniyyəti yasa boğmuşdur. Bu illərdən sonra ansambl tənəzzül dövrünü yaşamışdır. 2002-ci ildə Xalq artisti məşhur tar və ud ifaçısı Mircavad Cəfərovun bu posta təyinatı, zaman keçdikcə ansambla ikinci nəfəsin gəldiyini göstərdi. Rafiq Babayev irsini qoruyaraq, onun ənənələrinə sadiq qalan Mircavad Cəfərov ansamblın nəzdində muğam üçlüsü (tar, kaman və muğam ifaçısı) folk və modern üslubunda rəqs ansamblı, caz triosu (piano, bas gitara, zərb alətləri) və təbii ki, uzun illərin zəhməti nəticəsində 2013-cü ildən etibarən 15 nəfərlik musiqi qrupu yaratmışdır. Ansambl fəaliyyəti ərzində Amerika Birləşmiş Ştatları, Kanada, Fransa, Almaniya, Avstriya, Norveç, BƏƏ, Qətər, Qazaxıstan, Rusiya, Türkiyə və bir çox dünya ölkərində konsert və festivallarda iştirak etmişdir.
22 dekabr Azərbaycan Dövlət Musiqili Teatrında ansamblın 30 illiyi ilə bağlı konsert proqramı keçiriləcək. Repertuarda üstünlük xalq mahnılarına, Azərbaycan bəstəkarlarının əsərlərinə və muğam üstündə caz kompozisiyalara veriləcək. Bütün musiqilərin aranjımanı pianoçu Vasif Hüseynə məxsusdur.
Konsertdə iştirak edirlər : Ansamblın bədii rəhbəri, Xalq artisti Mircavad Cəfərov (ud), Əməkdar artistlər Ruslan Hüseynov (bas-gitara) Kamran Kərimov (nağara), Prezident təqaüdçüsü Mircavid Cəfərov (tar), Vasif Hüseyn (piano), Lütfiyar Əliyev (saksofon), Coşqun Sadıqov (tütək,balaban) Fuad Mehdiyev (perkussiya), Nicat Bayramov (zərb alətləri), Ramin Hüseynov (akkordeon), Tərlan Məmmədhüseynov (piano) ifaçılar Ramil Xələfov, Gülbəniz Məmmədova, Əminə Kaykun, Mahir Zeynalov.


