Milena Nəbiyevanın “Əsrlərin sədasında xalça sehri” adlı fərdi sərgisi


Milena Nəbiyevanın “Əsrlərin sədasında xalça sehri” adlı fərdi sərgisi
21 sentyabr 2025 - 11:00
0+


Azərbaycan Rəssamlar İttifaqının və UNESCO-nun ixtisaslaşmış qurumunun üzvü Milena Nəbiyevanın “Əsrlərin sədasında xalça sehri” adlı fərdi sərgisində müəllifin 50-ə qədər əsəri təqdim olunur. Azərbaycan xalça kompozisiyalarının, ornamentlərinin mühüm yer tutduğu bu əsərlərdə milli memarlıq, təbiət və çiçək motivləri müasir rəssamlıq dili ilə əks etdirilib.
Orijinal bədii yanaşması ilə seçilən Milena Nəbiyeva öncə naxışları kətana köçürür, sonra həmin zəngin fon üzərində əsas süjeti qurur. Bu üsulla xalça motivlərinin Azərbaycanın memarlıq abidələri, doğma bölgələrin təbiət mənzərələri, nemətləri və s. ilə mükəmməl vəhdətini yaratmağa nail olur. Sərgidə təqdim olunan “Cənnət bağından heyva”, “Bazar səhəri”, “Malıbəyli”, “Aşiq olmaq”, “Sevgi buketi”, “Özünəinam buketi” və digər əsərlər bu baxımdan xüsusilə maraqlıdır. Onlarda keçmişin estetik kodları çağdaş təfəkkürlə qovuşur, naxışların dili ilə tariximizə, Azərbaycanın zəngin mədəniyyətinə dərin ehtiram ifadə olunur.
