Şəki Xan Sarayı

Şəki şəhərində yerləşən keçmiş xan sarayı hal-hazırda muzey kimi fəaliyyət göstərir. “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən saray dünya əhəmiyyətli tarix və memarlıq abidəsidir və YUNESKO Ümumdünya İrs Siyahısına qəbul olunub. XVIII əsrdə yerli memarlıq üslubunda inşa edilmiş saray binası şəhərin şimal-şərq hissəsində, qala divarları ilə əhatə olunmuş ərazidə yerləşir. 30 metr uzunluğa malik olan iki mərtəbəli saray 300 m2 sahəyə, 6 otaq, 4 dəhliz və iki güzgülü eyvandan ibarətdir. Sarayın fasadı ov və döyüş səhnələrini əks etdirən süjetli təsvirlər, həmçinin həndəsi və nəbati naxışlarla bəzədilmişdir. Fasadın tam mərkəzində müxtəlif rəngli şüşələrdən yığılmış iri şəbəkə-pəncərə yerləşir. Sarayın rəngli şüşələrdən yığılmış şəbəkə-pəncərələri daş çərçivələrə oturdulmuşdur. Özündə həm də xalq yaşayış binalarının xüsusiyyətlərini daşıyan saray binası, Qafqazda XVIII saray memarlığının ən gözəl nümunələrindən biri olmaqla, həm də İslam Şərqinin memarlıq incilərindən biri hesab edilir. Şəhərin tarixi mərkəzi ilə birlikdə saray Ümumdünya irsidir. Dünya abidələri siyahısına daxil edilmiş Şəki xanlarının yay sarayı olan bu bina Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Hüseyn xanın dövründə 1761-1762-ci illərdə istifadəyə verilmişdir. Binanın baş fasadı dünyada analoqu olmayan ən xırda, həndəsi fiqurlara bölünmüş, ağac parçalarının aralarına müxtəlif rəngli şüşələr geyindirilmiş şəbəkə və qapılardan ibarətdir. Şəbəkələrin hər bir kvadratmetri orta hesabla 5000, mürəkkəb yerləri 14000 ağac və şüşə şəbəkələrdən ibarətdir. Binada mismar və yapışqandan istifadə edilməmiş, ağac və şüşə parçaları bir-birinə keçirilmişdir. Binanın daxilində həndəsi naxışlara, nəbatat rəsmlərinə, sujetli və quş rəsmlərinə, döyüş və ov səhnələrinə daha geniş yer verilmişdir. Zövqlə işlənmiş taxçalar, rəflər, güzgülü buxarılar əsl sənət nümunəsidir.

Keçirilmə məkanı

Şəki Xan Sarayı

Ünvan
Mirzə Fətəli Axundov, Şəki, AZ5503

Tədbirlər