
Dahi Azərbaycan şairi, görkəmli dramaturq, alim, ictimai xadim, iki dəfə Dövlət mükafatı laureatı Səməd Vurğunun Ev Muzeyi Azərbaycanda yazıçı və bəstəkarların xatirəsini əbədiləşdirmək üçün yaradılmış ilk memorial muzeydir. 1974-cü ildə Azərbaycan Nazirlər Sovetinin qərarı ilə yaradılan muzeyin 1975-ci il oktyabrın 6-da Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Sovet Ədəbiyyatı günlərində təntənəli açılışı olmuşdur. Muzey Bakı milyonçusu, xeyriyyəçi Hacı Hacıağa oğlu Ağa Yusif Dadaşov tərəfindən 1896-cı ildə inşa edilmiş yaşayış binasının III mərtəbəsində, altıotaqlı mənzildə yerləşir. Səməd Vurğun ömrünün son illərini bu mənzildə yaşamışdır. 2015-ci ildə muzeydə şairin oğulları, Azərbaycan mədəniyyətinin fəxrləri Xalq yazıçısı Yusif Səmədoğluna və Xalq şairi Vaqif Səmədoğluna həsr olunan ekspozisiyalar yaradılmış, bunun nəticəsində muzeyin fondu onların həyat və yaradıcılığını əks etdirən qiymətli materiallarla daha da zənginləşmiş və təkmilləşmişdir. Hal-hazırda muzeyin fondunda S.Vurğuna, Yusif Səmədoğluna, Vaqif Səmədoğluna aid xatirə əşyaları, nadir fotolar, rəsm əsərləri, əlyazmaları,hədiyyələr,tədqiqat əsərləri və sairə materiallar saxlanılır. Muzeydə 2016-ci ildən “Mənim 60-cılar nəslim” ekspozisiyası təşkil olunub.60-cı illər mədəniyyətimizin taleyində dönüş yaratmış, parlaq simalarin təsvir edildikləri panno, o dövr ab-havasını yaradan əşyalar sərgilənir.