"Min bir gecə" (2 pərdəli balet)
Yaş həddi: 6+
Kompozitor: Fikrət Əmirov
Libretto müəllifləri: Nailə Nəzirova,Maqsud və Rüstəm İbrahimbəyovlar
Tipı: Klassik balet
Tamaşanın müddəti: 1 saat 30 dəqiqə
Tamaşanın dirijoru: Əyyub Quliyev
Baletin qısa məzmunu
Bir dəfə gənc şah Şəhriyar ovdan geri qayıdarkən sarayında eyş-işrət məclisi qurulduğunu, sevimli arvadının isə qulun qolları arasında olduğunu görür.
Sərt və əzəmətli hökmdar alçaldılmış və sarsılmışdır. O, xəyanətkar qadını öldürür və çox qorxulu bir qərar qəbul edir - ölkədəki bütün gənc qadınları edam etmək.
Şəhriyarın vəzirinin qızı Şəhrizad şahın qarşısında dayanmışdır. Şəhriyarın qəbul etdiyi qərara əsasən onu da ölüm gözləyir. Şahın vəziyyətini anlayan ağıllı, həssas və fusünkar qadın onu nağıllar aləmi, bu aləmin qəhrəmanları ilə özünə cəlb edir. Lakin Şəhriyar dərhal təslim olmur, o Şəhrizadın sehirli dünyasında min bir gecə keçirir.
Bu nağılların qəhrəmanları - gözəl, lakin köməksiz qızı qaniçən Rux quşunun pəncəsindən xilas etmək üçün düşünmədən döyüşə atılan igid və qorxu bilməz dənizçi Sindibad, gözəl Budura vurulan və onun uğrunda zalım cadugərlə vuruşan Ələddin, Əlibabanın qulluqçusu - qırx quldur və onların təkgöz quldurbaşısı üzərində qələbə çalan iti ağıllı və hazırcavab Mərcanə və başqalarıdır.
Bu qəhrəmanların köməyi ilə Şəhrizad Şəhriyarda dünyada şərəf və ədalət, xeyirxahlıq və paklıq kimi müqəddəs hisslərin hökm sürdüyünə inam yaradır. Şəhriyarın qəlbi yenidən zəriflik, qadına - Şəhrizada qarşı məhəbbət hissi ilə dolur.
Şəhriyar uzun illər boyu sevdiyi qadınla xoşbəxt ömür sürür və rəvayətə görə Şəhrizad hər zaman ona sədaqətli olur.