Nazim Əliverdibəyov
«C I R T D A N»
(2 pərdəli uşaq operası)
Tamaşanın dirijoru |
|
SEVİL HACIYEVA Əməkdar incəsənət xadimi |
Quruluşçu rejissor |
|
HAFİZ QULİYEV Əməkdar incəsənət xadimi |
Quruluşçu rəssamlar |
|
TEHRAN BABAYEV Əməkdar mədəniyyət işçisi TAHİR ƏFƏNDİYEV |
Baletmeyster |
|
YULANA ƏLİKİŞİZADƏ Əməkdar incəsənət xadimi |
Nağıl-operanın qısa məzmunu
I pərdə
Həmişəki kimi Cırtdanın dostları Nənənin yanına gəlirlər. Hamı Cırtdanı gözləyir. Cırtdan şən mahnı oxuya-oxuya gəlir.
Bir azdan Cırtdan dostları ilə oyuna başlayır və oyunda qalib çıxır. Nənə uşaqları yağlı kökəyə qonaq etmək istəyir. Lakin təndir qalayıb kökə bişirmək üçün odun qurtarıb. Uşaqlar Nənədən xahiş edirlər ki, Cırtdana onlarla birlikdə meşəyə odun yığmağa getmək üçün icazə versin. Nənə əvvəl razılaşmasa da, sonda Cırtdana meşəyə getməyə icazə verir. Dostlar balta götürüb, odun dalınca meşəyə yollanırlar.
İkinci şəkil. Yaşıl meşədə gözəl bir güşə. Kəpənəklər uçuşur, quşların civiltisi eşidilir.
Cırtdan və dostlarının gəlişi ilə meşənin sükutu pozulur. Uşaqlar hay-küylə gizlənpaç oynayırlar. Cırtdan hər zaman olduğu kimi, dostlarına kələk gəlir, onlar Cırtdanın gizləndiyi yeri tapa bilmirlər.
Oyunu başa vuran uşaqlar odun toplamağa başlayır və işlərini bitirib evə qayıtmağa hazırlaşırlar. Burada da Cırtdan şıltaqlıq edir, özünü tənbəlliyə vurub, odun şələsini aparmaq istəmir.
II pərdə
Üçüncü şəkil. Cırtdan və dostları meşədə azıb yolu itirirlər. Ağacların yarpaqları xışıldayır. Uzaqdan qorxulu səslər eşidilir. Təşvişə düşən uşaqlar şələni tullayıb qaçmaq istəyirlər. Bu zaman ağacların arasından bir qoca görünür. O uşaqlara üç yol göstərir və üçüncü yolla getməyi məsləhət görür. Dostlar qorxu içərisində meşədən çıxmaq üçün yol axtarırlar. Elə bu vaxt bir tərəfdən işıq görünür, o biri tərəfdən it hürüşünün səsi eşidilir. Uşaqlar işıq gələn tərəfə getməyi qərara alırlar.
Dördüncü şəkil. Cırtdan və dostları Divlə qarşılaşırlar. Div Cırtdanı sorğu-suala tutur. O bir vasitə ilə uşaqları aldadıb, sonrа yemək istəyir. Buna görə də onları gecələmək üçün dəvət edir. Divin hiyləsini başa düşən Cırtdan heç vəchlə yatmaq istəmir və onu məşğul etməyə çalışır. Cırtdan “mən hər gecə xəlbirdən su içməsəm yata bilmirəm” deyərək Divi su dalınca göndərir.
Bu zaman yenidən qoca görünür və uşaqlara kömək etmək üçün divin canının olduğu yumurtanı onlara göstərir.
Cırtdan yumurtanı əlinə götürüb yerə vurmaq istəyir. Div və onun yaxınları Cırtdana mane olmağa çalışırlar. Lakin Cırtdan “insanlara zülm edənlər və əzab verənlər gərək məhv olsun” deyərək yumurtanı yerə çırpır.
Div və onun ətrafındakılar məhv olur.
Divin uzun illərdən bəri zəncirlədiyi, qul etdiyi insanlar azad olur.