“Çexov tüfəngi” tamaşası eyni adlı psixoloji dramaya əsaslanır və qorxu elementləri də daşıyır. Əsərin müəllifi İlqar Məmmədovdur (Səfat).
Tamaşa özünün psixoloji mürəkkəbliyi və insan təbiətinin incə təhlili ilə tamaşaçını valeh edən dərin və çoxqatlı bir əsərdir. Bu əsər tamaşaçıya insanın öz daxili münaqişələrini anlamağa və onu sıxan xatirələrdən azad olmağa çalışan dərin bir psixoloji portret təqdim edir.
Pyesin əsas qəhrəmanı uzun illər həm həqiqi, həm də metaforik mənada ruhlarla yaşayan istedadlı bir rejissordur. Onu işlədiyi teatr tamaşalarının müəlliflərinin ruhları, həmçinin intihar edən həyat yoldaşının ruhu ziyarət edir. Pyesin kulminasiya nöqtəsi, baş qəhrəmanın uzun psixoloji mübahisələrdən və səhvlərini dərk etdikdən sonra, nəhayət, öz ruhlarından xilas olmağa güc tapdığı an baş verir. Nəticədə, qəhrəman reallığa qayıdır, bu da onun daxili şeytanlarına qalib gəlməsini və mənəvi rahatlığı tapmasını simvolizə edir.