Cənnət və cəhənnəm

Tədbir haqqında

Sahib Ibrahimlinin ,,Cənnət və cəhənnəm” komediyasının
annotasiyası
 Şair-dramaturq Sahib İbrahimlinin ,,Cənnət və cəhənnəm” komediyası 2 pərdə və
2 şəkildən ibarətdir.Komediyanın süjetini real və mistik bir aləmdə (Cəhənnəmdə) baş
verən məzəli əhvalatlar təşkil edir. Əsərin əsas qəhrəmanları ər-arvad Mustafa və
Ləyaqət dünyalarını dəyişərək cəhənnəmə düşürlər.Buna da səbəb onların öz
həyatlarını düzgün qurmaması, pul və sərvət qazanmaq naminə min cür fırıldaq və
dələduzluğa, naqis əməllərə, yaramaz vərdişlərə meyl etməsidir.Mustafa və Ləyaqət
rahat və işıqlı bir həyatda olduğu kimi, dünyalarını dəyişərək məhrumiyyət və əzab
əziyyət dolu Cəhənnəmə düşdükdə də özlərinin tamah və xudpəsəndlikdən doğan
rəzil həyat tərzini davam etdirməyə can atır, öz məqsədlərinə nail olmaq üçün real
həyatda mənimsədikləri çirkin fənd və hiylələri bu qaranlıq mühitdə də tətbiq
etməyə çalışırlar. Belə ki, onlar Cənnətə buraxılmadıqda Cəhənnəmdəki insanlara
rüşvət vermək, İnkirlə Minkir, Əzrayılla Şeytan, Huri ilə Qılman arasında qarşıdurma
yaratmaq, qalmaqal törətmək, şər və böhtan atmaq yolu ilə nəyəsə nail
olacaqlarına ümid bəsləyirlər və bu yolda hər cür eybəcər üsul və vasitələrdən
istifadə edirlər. Bunların ifrat qeyri insani hərəkət və davranışları hətta sonda
Əzrayılı intihar dərəcəsinə çatdırır. İnsan və insanlığın qənimi olan Əzrayılın
Mustafa və Ləyaqətin əlindən cana doyaraq intihar etmək qərarına gəlməsi bu
ərlə arvadın real həyatda necə mənfur bir ömür yaşamaları barədə tamaşaçıda
aydın və mükəmməl təsəvvür yaradır.
 Tamaşa tənqid hədəfi kimi götürülən Mustafa və Ləyaqətin ağılsız cəhdlərinin
iflası ilə tamamlanır. Quruluşçu rejissor və müəllifin, eyni zamanda bütün yaradıcı
heyətin tamaşaçılara çatdırmaq istədiyi əsas ideya bundan ibarətdir ki, insanlar
həyatda düzgün yol tutmalı, əliəyrilik, tamahkarlıq və xudpəsəndlik kimi mənəviəxlaqi dəyərlərə zidd əməllərdən çəkinməli, saf və təmiz bir ömür yaşamalıdırlar.

Yaş məhdudiyyəti / Dil

12+ / Azərbaycanca
Cənnət və cəhənnəm Cənnət və cəhənnəm

Məkan yeri
Füzuli Küçəsi 1, Bakı, Azərbaycan