“Kod adı: V.X.A.”

Tədbir haqqında

Mehriban Ələkbərzadə “Kod adı: VXA”

Yaş həddi: 18+

Müəllif: Mehriban Ələkbərzadə

Quruluşçu rejissor: Mehriban Ələkbərzadə (Əməkdar incəsənət xadimi)

Baş rolların ifaçıları: Xalq artistləri Naibə Allahverdiyeva, Nübar Novruzova, Əməkdar artistlər Şəfəq Əliyeva, Kəmalə Müzəffər, Leyli Vəliyeva, Nəsibə Eldarova, Gülər Nəbiyeva, aktyorlardan Zemfira Əbdülsəmədova, Günel Məmmədova, Səbinə Məmmədzadə, Aygün Fətullayeva, Könül Əbilova

Janr: tarixi-sənədli dram

Tamaşanın müddəti: iki hissəli – I hissə -  2 saat 

                                                     II hissə - 1 saat 30  dəqiqə

 

 

Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə müəllifi və quruluşçu rejissoru olduğu 30-cu illər repsessiyasına məruz qalmış Azərbaycan qadınlarına həsr edilmiş “Kod adı: VXA” tamaşası ilə tariximizin ən müdhiş səhifələrindən birini vərəqləyir.

Tamaşa repressiya qurbanlarından biri - Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, ictimai xadim, tanınmış maarifçi Əhməd Cavadın anadan olmasının 130 illiyinə, eyni zamanda, repressiyaya məruz qalıb ləyaqətini qorumağın nümunəsini göstərən Şükriyyə Axundzadənin timsalında 26 min qadının məşəqqətli həbs, sürgün həyatına həsr olunmuş sənədli, bədii, tarixi hadisələrdən bəhs edir.

Mehriban Ələkbərzadə müəllifi və quruluşçu rejissoru olduğu  “Kod adı: VXA” təvsirində tarixi-sənədli faktlara istinad edərək, ötən əsrin 30-cu illərinin müdhiş mənzərəsini yaradır:

-Azərbaycanın nurlu şəxsiyyətlərinə ”vətən xaini” damğası vurub onları da, qadınlarını da həbs edirlər. “Stalinçilər” Bayıl təcridxanasında qadınlarla qeyri-insani rəftarla davranır, ağır işgəncələr verirlər. Uzun sürən istintaq prosesindən sonra günahsız qadınlara iş kəsirlər: kiminə 8, kiminə 10, kiminə də 15 il. Qadınlar buna şükür edirlər ki, ittiham prosesi bitdi. İşgəncədən qurtulan qadınlar gələcəyə ümidlə baxır, cəza müddəti bitdikdən sonra, nəhayət, əzizləri ilə görüşəcəklərinə ümid bağlayıb sevinirlər. Lakin  qarşıda onları hansı cəhənnəm əzabı gözlədiyini bilmədən sevinirlər. Onları günlərlə soyuq vaqonlarda, ac-susuz Akmola aparırlar. Orada qadınları heyvan kimi işlədir, vəhşi kimi davranırlar.  Bu qadınların arasında ağır işgəncələrə dözməyib intihar edənlər də olur, hər cür işgəncəyə dözüb namusunu qoruyanlar da. Hələ sahibsiz qalan 1502 uşaqdan biri də onların arasındadır. Bu uşaq özünü, nəslini tanımağa, haramdan törənmədyini öyrənməyə çalışır.

         Tamaşa ağır faciələrin təsviri fonunda cərəyan etsə də, sabaha bir ümid var: bir gün bu əzab bitəcək, evlərinə qayıdıb əzizlərinə qovuşacaqlar! Nə qədər ağır olsa da, zaman keçir, qadınlar artıq azadlıqdadırlar.

Müəllif öz qəhrəmanlarının dilindən qayəsini belə izhar edir: “İndi bizdən hər hansı nişanə qalıbsa, bizi xatırlayırsınızsa ...demək ki, biz olmuşuq.  Yaşamışıq. Şahidsiz, sübutsuz...həyatımızı, şərəfimizi xərclədilər. Biz Həyatın dibində...oradan da aşağıda idik...Əsas odur ki, bizi xatırlayın.” Bu, şərti olaraq, 37 qadına vida borcumuzdur! Əslində onlar 26 min nəfər idi... Bu qadınlar tarixin görünməyən qəhrəmanları idilər... Tarix səsli müharibələrdən başqa səssiz savaşlarda da yaşanılır. Tarixin səssiz, zərif və çox güclü qadın iştirakçıları var. Onlar təkcə fiziki deyil, mənəvi qələbəni də əsaslandırırlar.”

Müəllif və quruluşçu rejissor Mehriban Ələkbərzadə bir müəllif, bir rejissor kimi geniş tamaşaçı auditoriyasına demək istəyir ki, tariximizi unutmayaq. Dünənini unudanın gələcəyi olmaz.

 

Yaş məhdudiyyəti / Dil

18+ / Azərbaycanca
“Kod adı: V.X.A.” “Kod adı: V.X.A.”

Məkan yeri
Nizami küçəsi 72, Bakı, Azərbaycan