
Nizami Gəncəvi Muzeyi Gəncə şəhərində, Bakı–Yevlax şosesində, Nizami məqbərəsinin ərazisində yerləşir. Muzeyin tikintisinə 2012-ci ilin sonunda başlanılmış, 2014-cü ildə istifadəyə verilmişdir.
Muzeyin ekspozisiyası dahi şair Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunub. Burada şairin ədəbi irsini əks etdirən eksponatlar, məlumat monitorları və elektron məlumat köşkü quraşdırılmışdır. 800 və 840 illik yubileylər münasibətilə nəşr olunmuş kitab və monoqrafiyalar nümayiş etdirilir.
Muzeydə Avstriya, Rusiya, Almaniya, Böyük Britaniya milli kitabxanalarında, Misirin İsgəndəriyyə kitabxanasında, Fransanın Strasburq kitabxanasında və ABŞ-nin Metropoliten muzeyində qorunan nadir “Xəmsə” əlyazmalarının və miniatürlərinin orijinal və nüsxələrindən ibarət guşə yaradılmışdır.
Muzeydə elmi tədbirlər üçün konfrans zalı fəaliyyət göstərir, ziyarətçilər üçün istirahət guşələri yaradılmışdır. Muzeyin qarşısında Nizami Gəncəvinin büstü yerləşir. İnteryerdə Nizami Gəncəvi və Məhsəti Gəncəvinin xalça portretləri təqdim olunur.