
İsgəndərə yeni namə...

İsgəndərə yeni namə...
Tədbir haqqında
COVİD-19 pasportu və ya immun sertifikatı olmayan tamaşaçılar tədbirə buraxılmır və əldə olunmuş biletlər geri qaytarılmır!
“İSGƏNDƏRə yeni NAMƏ”
Nizami Gəncəvinin «İsgəndərnamə» poemasının xəyali sequeli
PRESS-RELİZ
18-19 dekabr tarixlərində saat 19.00-da Akademik Milli Dram Teatrının səhnəsində “Nizami Gəncəvi ili” çərçivəsində hazırlanmış “İSGƏNDƏRə yeni NAMƏ” tamaşası nümayiş olunacaq. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli Sərəncamına müvafiq olaraq 2021-ci il Azərbaycan Respublikasında “Nizami Gəncəvi ili” elan olundu və cari il ərzində Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş çox sayda beynəlxalq və yerli layihələr həyata keçirildi. “İSGƏNDƏRə yeni NAMƏ” layihəsi Nizami irsinin teatr sənəti vasitəsi ilə retranslyasiyasını hədəfləyir. Yaradıcı heyət Nizami Gəncəvinin hər hansı poemasını səhnələşdirmək, yaxud dahi şairin həyatından bəhs edən tamaşa hazırlamaq məqsədini qarşıya qoymayıb. Layihənin əsas məqsədi Nizami Gəncəvinin hər hansı əsərini səhnəyə gətirmək yox, Nizami ruhunu, Nizami fəlsəfəsini müasir sənət düşüncəsi müstəvisində aktuallaşdırmaqdır.
Bunun üçün Nizami Gəncəvinin “İsgəndərnamə” poemasının motivləri əsasında İlqar Fəhmi yeni ədəbi əsas tərtib edib. “İSGƏNDƏRə yeni NAMƏ” Nizami Gəncəvinin «İsgəndərnamə» poemasının xəyali sequelidir. Belə ki, tamaşada poemadakı hadisələr xətti alternativ istiqamətdə davam etdirilir. Bəlli olduğu kimi, invariantda İskəndərə dirilik suyunu içmək qismət olmur, Xızır dirilik suyunu içib qiyamətə qədər qeybə çəkilir. İsgəndər isə dünyadan köçür….
Poemadan fərqli olaraq, tamaşada İsgəndər dirilik suyunu tapıb içir. Tamaşanın əsas hadisələr xətti İskəndərin ədəbi həyat qazanmasından sonra baş verən faciələr, xəyanətlər, sui-qəsdlər, qanlı olaylar üzərində qurulub.
Tamaşa belə bir sual qoyur: Görəsən, Nizaminin İsgəndəri ölüm ayağında, həqiqətən, dirilik suyunu içib, ədəbi həyat əldə etsəydi, sonrakı aqibəti necə olardı? Həqiqətənmi, hər şey məhz Nizaminin filosoflarının təsvir elədiyi kimi faciəvi olacaqdı? Yoxsa İskəndər öz düşündüyü kim dünyada ali ədaləti bərqərar edə biləcəkdi?
Vahid dövlət ideyasının, yer kürəsini bir qütbdən idarə etmək iddiasının aqibətini təsvir edən tamaşanın yaradıcılarına görə, insan ədəbi həyatın yükünü çəkə bilməz, çünki İnsan Tanrı deyil.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və AzerGold Qapalı Səhmdar Cəmiyyətinin baş sponsorluğu ilə hazırlanan tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Nihad Qulamzadə, ədəbi əsasın müəllifi İlqar Fəhmidir. Tamaşanın səhnə plastikası Xalq artisti Pərviz Məmmədrzayevə, səhnə qrafikası Binyamin Sailova məxsusdur. Səhnə əsərində Xalq artisti Nurəddin Mehdixanlı (Hörmüz), Əməkdar artist Şövqi Hüseynov (Xızır), Ziya Ağa (İskəndər), Fəridə Şahbazova (gənc Rövşənək), Rüstəm Rüstəmov (Ərəstun), Əməkdar artist Elşən Rüstəmov (Əflatun), Vüsal Mustafayev (Dəğyənus), Elçin Əfəndi (Antiqon), Əməkdar artist Kəmalə Müzəffər (yaşlı Rövşənək), Əməkdar artist İlqar Cahangir (İskəndərus) və Sənan Kazımlı (Vəliəhd Sokrat) çıxış edirlər.


