Bakıda, Dənizkənarı Milli Parkda 23–25 oktyabr tarixlərində zeytunun ətrini, ləzzətli dadları və canlı musiqini bir araya gətirəcək Zeytun Festivalı keçiriləcək.
Festival ərazisində zeytun və zeytun yağı məhsulları təqdim ediləcək, qonaqlar müxtəlif brendlərlə tanış olacaq və yeni dadlar kəşf edəcəklər. Məşhur restoranların xüsusi təklifləri, qastronomik təqdimatlar, uşaqlar üçün əyləncə məkanları və interaktiv fəaliyyətlərlə yanaşı, festival proqramında tanınmış ifaçıların iştirakı ilə konsert proqramı baş tutacaqdır.
Festivalın musiqi proqramında Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Xəyyam Nisanov, Orxan Zeynallı, Azad Şabanov, Zamiq Hüseynov və digər ifaçılar səhnəyə çıxacaqlar.
Zeytun Festivalında zeytunun özünəməxsus dadını kəşf etməyə, ləzzətli təamlardan zövq almağa və canlı musiqi ilə payızın dadını çıxarmağa dəvətlisiniz. Festival ərazisinə giriş sərbəstdir.