Şəhriyar Musayev — kamança ifaçısı, beynəlxalq müsabiqələr laureatı.
Azərbaycan milli musiqi ənənələrini müasir interpretasiya ilə təqdim edən sənətçi özünəməxsus ifa tərzi və səhnə mədəniyyəti ilə seçilir.
O, Azərbaycan Milli Konservatoriyasının bakalavr və magistr pillələrini bitirmişdir. 2013-cü ildə beynəlxalq və respublika muğam müsabiqələrinin laureatı adına layiq görülmüşdür.
2020-ci ildə “Aler Kamancha” tərəfindən “Stay Home, Stay With Music” şüarı ilə təşkil olunan “Online Music Festival”da “Over 25 age group” üzrə I yerin qalibi olmuş, 4500 ABŞ dolları dəyərində Aler Kamanchah şirkəti tərəfindən təsis edilmiş xüsusi kamança aləti ilə təltif edilmişdir.
Şəhriyar Musayev “KamanTV” adlı sosial layihənin müəllifi, “Turkcan” adlı beynəlxalq layihənin isə general meneceri olmuşdur. Onun ifaları rəqəmsal platformalarda geniş auditoriya tərəfindən izlənilir və musiqi paylaşımlarının ümumi baxış sayı 60 milyonu ötərək sənətkarın beynəlxalq maraq dairəsini nümayiş etdirir.
2 noyabr tarixində Bakı Musiqi Akademiyasının Opera studiyasında baş tutacaq “Xəbərsiz” adlı solo konsertində sənətçi ənənə ilə müasirliyin vəhdətini kamançanın dili ilə tamaşaçıya təqdim edəcək.

