COVİD-19 pasportu və ya immun sertifikatı olmayan tamaşaçılar tədbirə buraxılmır və əldə olunmuş biletlər geri qaytarılmır!
"Dahi hekayəçi" (2 pərdəli balet)
Yaş həddi: 6+
Kompozitor: Frans Şubert
Libretto müəllifi: Əjdər Ulduz
Tipı: Klassik
Tamaşanın müddəti: 1 saat 20 dəqiqə
Tamaşanın dirijoru: Orxan Həşimov
Quruluşçu baletmeyster: Kamilla Hüseynova
Baletin qısa məzmunu
Balet görkəmli Danimarka yazıçısı Hans Xristian Andersena həsr olunmuş və real həyatda baş verən hadisələrin dahi nağılçının ilham mənbəyinə çevrilərək onun dünyada məşhur hekayələrinin yaranmasına səbəb olduğunu təsvir edir.
Birinci pərdə
Dahi hekayəçi Danimarka kralının sarayında keçirilən ziyafətə dəvət alır. Saraya gedən yol şəhər meydanından keçir və yazıçı bayram gəzintisinə çıxan sadə adamların həyatına aid müxtəlif məişət səhnələrinin şahidi olur.
Şəhərli modabazla kənd əyyaşının görüşü "Kənd xoruzu və flyüger" adlı hekayənin ilham mənbəyinə çevrilir.
Zadəgan ananın öz övladına qarşı laqeydliyi və sadə gülsatan qadının valideyn nəvazişindən məhrum olan oğlana qayğısı yazıçıya "Qar kraliçası" nağılını yazmaq ideyasını verir.
Sevmədiyi varlı adaxlı ilə nikah bağlamaq istəməyərək toy mərasimindən qaçan gəlinin hekayəsi isə "Düyməcik" nağılı ilə səsləşir.
İkinci pərdə
Kralın təşkil etdiyi ziyafətə gəlib çıxan yazıçı burada saray əyanlarının davranışını müşahidə edir və gördüyü hadisələr sonradan onun məşhur əsərlərinin yaranmasına səbəb olur.
Kübar ərin öz gənc qadınına qarşı etinasız və laqeyd münasibəti həmin qadınla ziyafətdə iştirak edən hərbçi arasında romantik münasibətlərin yaranmasına səbəb olur və bu hadisə hekayəçini "Qalay əsgər, troll və balerina" adlı hekayəni yazmağa ruhlandırır.
Şahzadə qızın şıltaq və təkəbbürlü hərəkətləri "Sehirli dibçək" nağılının əsasını təşkil edir.
Saray yaltaqları və əyanların fitnə-fəsadları, Kralın xeyirxahlığından istifadə edərək onu aldatmaları "Kralın yeni libası" nağılının əsas ideyasına çevrilir. Kral reallığa gözlərini açan hekayəçinin səmimiyyətini və vicdanlı olduğunu görərək onu kral ordeni ilə təltif edir. Lakin yazıçı bu reallığın arxasında öz nağıl həqiqətini görür, burada bütün insanlar onun nağıllarının personajlarıdır və o bu həqiqəti uşaqlara və böyüklərə nəql edir.