“Dörd əkizin nağılı”
(Ikihissəli nağıl-tamaşa)
Yaş həddi: 6+
Müəllif: Panço Pançev
Tərcümə edən: Vidadi Əliyev
Quruluşçu rejissor: Əməkdar İncəsənət xadimi Ağalar İdrisoğlu
Baş rolların ifaçısı: Elnur Hüseynov, Günel Məmmədova, Kərəm Hadı-zadə
Janr: Nağıl-tamaşa
Tamaşanın müddəti: I hissə - 50 dəqiqə
II hissə - 45 dəqiqə
Bu əhvalat Bolqarıstanda baş verir. Ata dörd əkiz övladını bir-birindən ayırd etmək üçün bazardan dörd müxtəlif rəngli papaq alır. Adları da nisbi şəkildə papaqların rənginə uyğunlaşdırılır.
Dörd əkizin hər biri Bonka adlı qıza vurulur. Hər biri qızın anası Yelena xalanın yanına gəlib özünə bəy tərifi deyir. Lakin Yelena xalaya lazım olan təkcə zahiri gözəllik deyil, çeviklik, işgüzarlıq və bir də maddi imkanlardır. Ən əsası isə saf məhəbbətdir. Bəs, əsl namizəd kimdir, onu qızı üçün seçə bilmirlər. Bu zaman əkizlərin atası Peter ağa ilə söhbətləşib qərara gəlirlər ki, əkizlər qürbətə gedib bilərzik gətirsinlər. Kimin bilərziyi daha qiymətli və çəkidə ağır olsa, Bonkanı da ona versinlər. Bonka ekizləri yola salarkən hərəsinə bir rəngdə gül bağışlayır. Bonka ilə də şərt kəsirlər: oğlanlar qayıdana qədər qız da üç sandıq cehiz toplamalıdı, bunu öz zəhməti ilə yığmalıdır.
Əkizlər arasında qızın məhəbbətinə layiq, qəlbi təmiz, əhdinə sadiq Gülpapaq çıxır. O, qızın ona hədiyyə etdiyi gülü qoruyur, gül-çiçək becərir və zəhməti ilə sevdiyinə bilərzik alır. Qızı da ona verirlər.
Sədaqət, zəhmətsevərlik və düzlük tamaşanın qayəsini təşkil edir.