“Bir mədəniyyət xəzinəsi: Divanü Lüğat-it-Türk” sərgisi Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan Türk dünyası həftəsi çərçivəsində keçirilir. Sərgidə türk mədəniyyətinin ən mühüm yazılı irs nümunələrindən biri sayılan “Divanü Lüğat-it-Türk” əsərinin müasir bədii interpretasiyası təqdim edilir.
Ekspozisiyada təqdim olunan əsərlər “Divanü Lüğat-it-Türk”də yer alan sözlərdən, anlayışlardan, atalar sözlərindən və əsərdə əksini tapan zəngin mədəni irsdən ilhamlanaraq yaradılıb. Toxuculuq, tikmə, keramika, ağac və metal işləmə kimi ənənəvi sənət sahələrinə aid nümunələr Qaraxanlılar dövrünün memarlıq motivləri əsasında yenidən işlənərək müasir bədii təqdimatda nümayiş olunur. Sərgidə həmçinin yazı mədəniyyətini əks etdirən mürəkkəb qabları və kitab cildləri, eləcə də miniatür sənəti vasitəsilə canlandırılmış uşaq oyunları, toy mərasimləri, döyüş və ziyafət səhnələri yer alır.
“Bir mədəniyyət xəzinəsi: Divanü Lüğat-it-Türk” sərgisi dil, tarix, sənət və təhsili bir araya gətirərək minillik mədəni irsin müasir nəsillərə ötürülməsinə xidmət edir.