Aprelin 22-dən 24-nədək gimnastika dünyasının diqqəti bir daha Azərbaycanın paytaxtı Bakıya cəmlənəcək. Belə ki, dünyanın ən güclü bədii gimnastları bu dəfə ölkəmizdə təşkil olunacaq Bədii Gimnastika üzrə Dünya kubokunda bir araya gələcəklər.
Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi edəcəyi 5-ci beynəlxalq yarışda qeydiyyat siyahısına əsasən 32 ölkədən 40-ı fərdi və 60-ı qrup komandasının (10 qrup) üzvü olmaqla 100 gimnastın iştirakı gözlənilir.
Yarışda ölkəmizi fərdi növdə Arzu Cəlilova və Zöhrə Ağamirova, eləcə də Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə komanda təmsil edəcək.
3 gün ərzində baş tutacaq yarışda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar.
Ənənəyə uyğun olaraq, bu kubokda da ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.
Qeyd edək ki, bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunacaq 9-cu Dünya kuboku olacaq. Xatırladaq ki, paytaxtımız 2005 və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına və 8 Dünya kubokuna ev sahibliyi edib.
Qeyd edək ki, iki illik fasilədən sonra xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirləri ilə əlaqədar olaraq tamaşaçılar Milli Gimnastika Arenasında bu növ üzrə də yarışları izləmək imkanı əldə edəcəklər.
Yarışlarda tamaşaçı qismində iştirak edəcək şəxslər etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatına və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədə, COVID-19-a qarşı peyvənd əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatına (yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla) malik olmalıdırlar.
