Baharın yurdumuza qədəm qoyduğu mart ayında Milli Gimnastika Arenası növbəti milli yarışına hazırlaşaraq, öz qapılarını bədii gimnastların üzünə açacaq.
Belə ki, ən zərif gimnastika növünün nümayəndələri 24 və 25 mart tarixlərində bədii gimnastika üzrə 28-ci Azərbaycan çempionatında qüvvələrini sınayacaqlar.
Yarışda "Ocaq Sport" Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, Gəncə-Naftalan, “Grasiya” İdman Klubu, “Zirə”, Sumqayıtdan ümumilikdə 38 gimnast qüvvəsini sınayacaq.
Çempionatda 2008-2010-cu il təvəllüdlü gənclər və 2007-ci il təvəllüdlü böyükyaşlı idmançılar fərdi və qrup hərəkətləri proqramında qüvvələrini sınayacaqlar.
Fərdi gimnastlar arasında qaliblər ayrı-ayrı alətlər üzrə (halqa, top, gürzlər, lent) müəyyənləşəcək. Qrup hərəkətləri komandaları 5 ip (gənclər) və 3 lent və 2 top (böyüklər) proqramında müsabiqədən kənar proqramlarını nümayiş etdirəcəklər.
