Bədii gimnastika üzrə 39-cu Avropa çempionatı

Tədbir haqqında

“Shine like a star” (Ulduz kimi parla) - məhz bu sloqan ölkəmizdə bədii gimnastika üzrə keçiriləcək ilin ən mötəbər gimnastika yarışlarından biri olan 39-cu Avropa çempionatının möhtəşəmliyini ifadə edir.

17-21 may tarixlərində doğma məkan Milli Gimnastika Arenasında təşkil olunacaq yarışda Avropanın gimnastika ulduzları 5 gün boyunca çıxışları ilə göz qamaşdıracaqlar.

Şou xarakterli açılış mərasimi ilə fərqlənəcək ilin ən gözlənilən yarışı 38 ölkədən gimnastları bir araya toplayacaq.

Çempionat təkcə özünü ulduz kimi təsdiqləmiş gimnastlar üçün deyil, eyni zamanda böyük uğurlar qazanmağa can atan gənc gimnastlar, eləcə də öz gimnastlarını dəstəkləmək üçün müxtəlif ölkələrdən paytaxtımıza təşrif buyuracaq azarkeşlər üçün də ən yaddaqalan yarışlardan birinə çevriləcək.

Yarış iştirakçıları fanatlara həyəcanlı emosiyalar bəxş edəcəklər.

Onlar Hollivud abu-havasında dizayn olunmuş, eyni üslublu dekorasiya elementləri və işıq effektləri ilə tərtib edilmiş zalda sərilmiş qırmızı xalıdan keçərək yarış meydançasına yol alacaq və peşəkar çıxışları ilə azarkeşlərin qəlbinə yol tapmağa çalışacaqlar.

Çempionatın ən məzəli siması isə şübhəsiz ki, Avropa Gimnastikasının maskotu - Luici adlı meymun olacaq. O, tamaşaçılara və gimnastlara öz zarafatları, maraqlı proqramları ilə təbəssüm, pozitiv və yaxşı əhval-ruhiyyə bəxş edəcək.

Bu, ölkəmizin bədii gimnastika üzrə təşkil edəcəyi 5-ci Avropa çempionatı olacaq.

Qeyd edək ki, paytaxtımız 2007, 2009, 2014 və 2019-cu illərdə bu növ üzrə qitə çempionatına ev sahibliyi edib.

5 gün davam edəcək çempionatda gimnastlar fərdi (böyüklər) və qrup hərəkətləri proqramında (gənclər və böyüklər) çıxış edəcəklər.

Fərdi gimnastlar çoxnövçülük və ayrı-ayrı alətlər (gürzlər, halqa, top, lent) üzrə çıxışlarını təqdim edəcəklər. 

Böyüklər arasında 19 qrup komandası 5 halqa, 3 lent və 2 top proqramında, gənclər arasında isə 22 qrup komandası 5 ip və 5 top proqramında mübarizəyə qoşulacaq.

Püşkatmanın nəticələrinə əsasən, Azərbaycanın fərdi böyük gimnastları və gənclərdən ibarət qrup hərəkətləri komandası 18-ci, böyüklərdən ibarət qrup hərəkətləri komandası isə 10-cu çıxış edəcək.

Ən zərif gimnastika növünün təmsilçilərinin füsunkar çıxışlarını izləmək istəyən tamaşaçılar biletləri onlayn qaydada https://iticket.az/ saytından və şəhərin kassalarından əldə edə bilərlər.

Yarışlar haqda daha ətraflı məlumatı agf.az saytından əldə edə bilərsiniz.

 

Yaş məhdudiyyəti / Dil

6+
Bədii gimnastika üzrə 39-cu Avropa çempionatı Bədii gimnastika üzrə 39-cu Avropa çempionatı