Dəli yığıncağı

Tədbir haqqında

C.Məmmədquluzadənin “Dəli yığıncağı” tamaşasına annotasiya

            Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” əsəri yazıldığı  ildən bu günə qədər dəfələrlə tamaşaya qoyulub. Görkəmli sənətkarımız Mehdi Məmmədovun quruluşu, həmin əfsanəvi tamaşada aktyorların bir-birindən baxımlı ifaları bu günə qədər yaddaşlardadır. Əsər bildiyimiz kimi dünya ədəbiyyatı nümunələri ilə rəqabət apara biləcək tərzdə yazılmış tragikomediyadır. İdeya, məzmun xüsusiyyətləri, süjet xətti, hadisələrin və obrazların orijinallığı  ilə  pyes şərti simvolik xarakter daşıyır. Əsər ilk baxışda xurafatın və mövhumatın tənqidi olsa da, əslində müəllif yeni qurulmuş sovet cəmiyyətini dəli yığıncağına bənzətməklə öldürücü satira atəşinə tutur. Müəllif “Ölülər” əsərində qoyduğu ölülər və dirilər qarşıdurmasını, ”Dəli yığıncağı” əsərində dəlilər və ağıllıların mübarizəsi kimi  davam etdirir. Dəlilər cəmiyyətin qəbul etmədiyi dəlilərdir. Əslində əsərdə kimin dəli, kimin ağıllı olması məsələsi də qaranlıqdır. Cəmiyyət özü sağlam olmadığı üçün sağlam düşüncəni dəli adlandırıb, qəbul etmir.

           Tamaşa Akademik Milli Dram Teatrında Mirzə Cəlilin 150 illiyinə həsr edilib. Rejissor Hacıları müasir paltarlarda verməklə mövzunun günümüzlə səsləşməsinə işarə edir. Hacıların eyni paltarda olması onların hərəkətlərinin də eyniliyinə gətirib çıxarır. Dəlilər Hacılardan fərqli olaraq düşüncə və hərəkətlərində müxtəlifliyə üstünlük verirlər. Bu da onların fərqliliyinə gətirib çıxarır. Əsərdə xaricdən gətirilən Doktor Lal Byüz obrazı qadındır. Maraqlı yanaşma və rejissor yozumu olan tamaşada rəngarəng aktyor ifaları tamaşaçılara xoş anlar yaşadır. 

Yaş məhdudiyyəti / Dil

6+
Dəli yığıncağı Dəli yığıncağı