“Qaratoxmaq qadın”nın sirri açılacaqmı?
Mart ayının 8, 11 tarixlərində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Şövkət Məmmədova adına Opera Studiyasının yaradıcı komandası böyük məsuliyyət və həyəcanla öz növbəti yeni genişmiqyaslı layihəsini – dahi rus bəstəkarı Pyotr İliç Çaykovskinin ən məşhur və sirli operalarından olan “Qaratoxmaq qadın”nın premyerasını – təqdim edəcək. Məşhur italyan bəstəkarı V.Bellininın “Norma” operasının möhtəşəm səhnə qoyuluşundan sonra BMA-nın Opera studiyası opera janrının ən yaxşı nümunələrinin daha da populyarlaşmasına öz töhfəsini verməyə çalışaraq, bu dəfə rus klassikasına müraciət edir.
Biz A.S.Puşkinin “Qaratoxmaq qadın” povestinə əsasən yazılmış P.İ.Çaykovskinin operasında (librettosu M.İ.Çaykovskinindir) insan mübtəlalığı mövzusunu araşdırırıq. Kiçik əhəmiyyətsiz bir detalın, sözarası deyilmiş frazanın xəstə şüurda necə genişlənə bilməsini və insanın bütün fikir və arzularını özünə tabe edə bilməsini izləmək bizə maraqlıdır. Necə bu düşkünlük addımbaaddım onu və onun yaxınlarlarını uçuruma itələyir.
Operanın səhnəyə qoyulması üçün Bakı Musiqi Akademiyasının rəhbərliyi tərəfindən opera rejissorlarının Beynəlxalq müsabiqələrinin laureatı gənc rejissor Aleksey Smirnovu (Moskva, RUSİYA) dəvət edilmişdir. Operanın quruluşçu dirijoru Opera studiyasının bədii rəhbəri, Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Kərimov, xormeysteri Azərbaycan Respublikasının Xalq artisti Gülbacı İmanova, konsertmeysteri Yuliya Kərimova, quruluşçu rəssamı isə Yelena Bodrovadur (Moskva, Rusiya).
Tamaşada Opera studiyasının solistləri, dəvət edilmiş solistlər, həmçinin solo oxuma kafedrasının premyera nümayişlərində səhnəyə çıxış opera səhnəsində onlar üçün debüt olacaq tələbələri çıxış edirlər. Tamaşada həmçinin Opera studiyasının xoru tələbə xoruyla birgə və eyni zamanda Xoreoqrafiya Akademiyasının tələbələri də iştirak edirlər.
Tamaşada rolları ifa edirlər:
German – Adil Axundov, Liza – Fəridə Məmmədova, Qrafinya – Səbinə Əsədova, Tomskiy – Anton Ferştandt, Yeletskiy – Mahir Tağızadə, Polina – Yuliya Beybudova / Elmina Həsənova, Çekalinskiy – Rauf Babayev, Surin – Elçin Əhədzadə, Prilepa (Maşa) – Təhminə Vəkilova / Nadejda Meyer, Mürəbbiyə – Yelena Sarafanova / Yekaterina İsayeva, Çaplitskiy – Fəhmin Əhmədli / Rəhman Qarayev, Narumov – Ruslan Persan / Elyar Əliyev.
Biz ümid edirik ki, “Qaratoxmaq qadın”-nın Premyerası bütün qadınlara 8 Mart gününə çox gözəl hədiyyə olacaq! Sizi BMA-nın Opera studiyasında gözləyirik, bizim əziz dinləyicilərimiz! Tamaşa saat 19.00 başlanır.